Politoloq: Sülh və siyasi sabitliyə nail olmağın yeganə yolu beynəlxalq əməkdaşlığı genişləndirməkdən ibarətdir

1:44 Yanvar 30, 2020

Davosda keçirilən Dünya İqtisadi Forumu mühüm əhəmiyyət daşıyan platformalardan biridir. Son illərdə Azərbaycanın bu Forumda mütəmadi iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı davamlı uğurlarla bağlıdır. Ölkəmiz istər iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi, istərsə də əməkdaşlıq əlaqələri baxımından Forumda aparıcı iştirakçılardan birinə çevrilib. Dünya nizamının böyük problemə çevrildiyi bir vaxtda bu, çox böyük əhəmiyyət kəsb edir.

Avropada, ümumiyyətlə, bütün dünyada iqtisadi böhrandan xilas yolları axtaran dövlət başçılarının fərdi görüşlərində aparılan danışıqlar bir daha göstərir ki, böhranlı vəziyyətdən çıxmağın yeganə yolu qlobal əməkdaşlığı genişləndirmək, qarşılıqlı etimada və inama güvənməkdir. Ənənəvi Davos Forumunun təşkilində də məqsəd bütün diqqəti dünyadakı qlobal problemlərin həllinə yönəltməkdir. Çünki sülhə və siyasi sabitliyə nail olmağın yeganə yolu regional və beynəlxalq əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq Tofiq Abbasov söyləyib.

Politoloq bildirib ki, Azərbaycanın bu tipli tədbirlərdə iştirakı böyük maraq doğurur. Forum çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusu üzrə panel iclasında Prezident İlham Əliyevın çıxışı və müzakirə olunan problemlərə baxışı maraqla qarşılandı. Bu da ona çoxsaylı sualların ünvanlanmasına səbəb oldu. Dövlətimizin başçısının əsas imperativi ondan ibarətdir ki, Azərbaycanın dövlət siyasətinin reallaşmasında milli maraqları üstün tutması beynəlxalq trendlərlə və cərəyanlarla üst-üstə düşür. Burada söhbət, ilk növbədə, vacib sosial-iqtisadi əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsindən gedir.

“Azərbaycan Avrasiya məkanının qərbində, regionda son dərəcə vacib layihələri reallaşdırmaqla xəttə bir neçə dövləti cəlb edə bilib. Burada təşəbbüskar rolunda Azərbaycan çıxış edir. Görürük ki, təkcə bizim ölkədə deyil, qonşu ölkələrdə də investisiya mühiti, sosial-iqtisadi yeniliklər təşəkkül tapır. Bu cərəyanların arxasında müəyyən problemlərin həlli dayanır ki, buna, ilk növbədə, sosial rifahın artması, işsizliyin aradan qaldırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması kimi məsələlər aiddir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar proqramı da məhz bu problemlərin həllinə yönəlib. Bunlar həm bizim daxili məsələlərimizlə, həm də dünyada baş verən aktual problemlərlə üst-üstə düşür. Deməli, əgər problemlər varsa, onların həlli yolları da vardır. Ona görə də təkcə lider dövlətlər deyil, dünyanın bütün dövlətləri bu prosesə cəlb olunmalıdır”, – deyə T.Abbasov vurğulayıb.

“Dövlətimizin başçısının Davos Forumunda səsləndirdiyi fikirlər ondan ibarətdir ki, uğurlu modellərin seçimində, uğurlu islahatlar proqramının həyata keçməsində gərək yeni nəfəs olsun, gənc nəslin potensialından istifadə olunsun”, – deyən politoloq vurğulayıb ki, insan kapitalı əsas məqsəd olmalı, innovativ tərzdə düşünənlər öndə getməlidirlər. Bunun üçün də motivasiyanın olması mütləq şərtdir. Prezident İlham Əliyev məhz həvəsləndirici rolunda çıxış edərək, effektli nümunə nümayiş etdirir. Təbii ki, bütün bu deyilənlər Davos İqtisadi Forumunda öz əksini tapdı. Dövlətimizin başçısının Forumdakı çıxışı böyük əks-səda doğurdu.

Politoloq bildirib ki, Davos Dünya İqtisadi Forumunda gündəmdə olan əsas məsələlərdən biri dünyanın birqütblü və çoxqütblü olması məsələsi idi. Forumda bu məsələlərə toxunan Prezident İlham Əliyev bildirdi ki, çoxqütblülük artıq müasir dünyanın bir tələbinə çevrilib. Bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. Dövlət başçısı vurğuladı ki, bu prosesdə yalnız lider dövlətlər deyil, digərləri də iştirak etməlidir. Bunlar həmin o ölkələrdir ki, öz gücünə arxalanır və dünyada baş verən proseslərə kreativ yanaşırlar.

Xəbəri paylaş: