“Siyasi dairələrdə təmsil olunmaq əsas hədəfimdir”

9:52 Fevral 3, 2020

Bu gün dünyada yaşayan və təhsil alan kifayət qədər azərbaycanlı gənc var ki, onlar öz fəaliyyətləri, qəlblərində gəzdirdikləri Vətən sevgisi ilə Azərbaycanın tanıdılmasında, ölkəmizlə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasında mühüm işlər görür. Bu şərəfli missiyanı həyata keçirən, üçrəngli bayrağımızın altında çalışan gənclərimiz Ukraynada da az deyil. Belə gənclərdən biri də Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayəti üzrə sədri Emin Əhmədovdur. O Azərbaycanın müstəqilliyinin bərpasının ikinci ildönümündə, 1993-cü ildə Dnepr şəhərində dünyaya gəlib. Əslən Azərbaycanın Gədəbəy rayonundan olan E.Əhmədov ölkəmizin Ukraynada tanıdılmasında aktiv gənclərdən biridir.

İyirmi yeddi yaşlı həmyerlimiz Odessa Hüquq fakültəsini bitirdikdən sonra həm siyasi tədbirlərdə fəal iştirak edir, həm də özəl şirkətdə çalışır.

E.Əhmədov bildirib ki, əsas hədəflərindən biri Ukraynanın siyasi dairələrində təmsil olunaraq Azərbaycanı layiqincə təmsil etmək və onu dünyada tanıtmaqdır. O hesab edir ki, hər bir azərbaycanlı gənc Ukrayna cəmiyyətinə inteqrasiya prosesində fəal iştirak etməlidir, Azərbaycanın milli və mədəni irsinin qorunmasında yerli, beynəlxalq layihələrə qoşulmalıdır.

“Ukraynada yaşayan azərbaycanlı gənclər Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin çatdırılması üçün müxtəlif formatda tədbirlər təşkil edir, hər il Xocalı soyqırımı ilə bağlı aksiyalar keçirir. Dneprin rəsmi tədbirlərində Azərbaycanı təmsil edirik, dünya xalqlarının festivallarında milli mətbəximizi tanıdırıq, milli musiqimizi və adət-ənənələrimizi təbliğ edirik”, – deyə E.Əhmədov əlavə edib.

Gənc soydaşımız, həmçinin bildirib ki, bu gün Azərbaycan dövlətinin gənclərlə bağlı yürütdüyü uğurlu siyasət onların Ukraynada da aktiv fəaliyyət göstərməsinə stimul verir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri paylaş: