Samirə Hüseynova: “İnsanları tank gülləsi ilə necə vururdularsa, bədənləri tikə-tikə olurdu”

13:12 Fevral 11, 2020

Dünya tarixində elə faciələr baş verib ki, bu hadisələri uzun illərdən sonra xatırlayanda belə, insan göz yaşı tökmədən dayana bilmir. Təəssüflər olsun ki, Azərbaycan adlı məmləkətin başı üzərində də çox zaman “qara buludlar” hərlənib. Mübariz xalq bir neçə dəfə qanlı faciələrin ağrı-acısını öz çiyinləri üzərində daşımağa məcbur olub. 1905-1907-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində riyakar erməni quldurları tərəfindən törədilən soyqrımlardan tutmuş, 1991-1994-cü illərdə baş verən “Birinci Qarabağ” müharibəsinə qədər hər cür faciə ilə üzləşib bəxti qara millətim… Bu faciələrin kulminasiya nöqtəsi isə 1992-ci ilin qarlı-şaxtalı Fevral ayında erməni hərbi birləşmələri və Rus ordusunun 366-cı motoatıcı alayı tərəfindən, azərbaycanlılara qarşı həyata keçirilən soyqrımdır. Məhz bu soyqrım 21-ci əsrin ən dəhşətli faciəsi kimi dünya tarixinə qanlı hərflərlə yazılıb.  KONKRET.az media portalı Xocalı soyqrımının 28-ci ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsini dərin hüznlə anır…

Məlumat üçün qeyd edək ki, faciə nəticəsində 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Statistik rəqəmlərdən də göründüyü kimi soyqrım zamanı çox az sayda Xocalı sakini erməni qəsbkarlarının əlindən sağ çıxa bilib. O qanlı gecədə ailə üzvlərini və yaxın qohumlarını itirsə də, özü sağ qalmağı bacaran, hazırda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü olan Samirə Hüseynova baş verənləri ürək yanğısı və göz yaşları ilə xatırlayır. Dəhşətli gecə baş verən zaman 12 yaşlı uşaq olan Samirə Hüseynova deyir ki, hələ Xocalı faciəsinə qədər şəhərə ermənilər tərəfindən dəfələrlə atəş açılırdı: “Biz dərsdə olan zaman ermənilər Xocalını qrad, avtomat və digər silahlardan atəşə tuturdular. Bu zaman müəllimlər və şagirdlər məktəbin zirzəmisində gizlənməyə məcbur olurdular. Atışma bitdikdən sonra biz heç nə olmamış kimi yenidən öz həyatımıza davam edirdik. Qeyd etməliyəm ki,  xocalılar olduqca mərd camaat idi və torpağı qoyub qaçmaq heç ağlımızdan belə keçmirdi”.

Samirə Hüseynovanın sözlərinə görə, onun əmisi Xocalı özünümüdafiə batalyonunun komandiri olmuş, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov müharibə başlayana qədər orta məktəbdə hərbi müəllim kimi fəaliyyət göstərib: “Lakin müharibənin ilk illərindən özünümüdafiə batalyonunu yaradaraq könüllüləri başına toplayıb. Atam da əmimin yaratdığı könüllülərdən ibarət batalyona qoşularaq əmimlə çiyin-çiyinə vuruşub. Yəni demək istəyirəm ki, Xocalını sadə xocalılar ov tüfəngləri ilə qoruyurdular. Əliyalın insanlar hər gecə Xocalının dörd tərəfində qurduqları postlarda keşik çəkməyə gedirdilər. Mən uşaq olsam da, atamın hər axşam evdən gedərək səhərə qədər postlarda keşik çəkdiyinin şahidi olmuşam”.

O dəhşətli soyqrımı göz yaşları içərisində xatırlayan müsahibimin sözlərinə görə, faciə törədilən vaxt, yəni fevralın 25-dən 26-na keçən gecə insanlar baş verəcəklərdən xəbərsiz halda evlərində olublar: “Bir gün öncədən bizim hərbçilərdə məlumat vardı ki, ermənilər Xocalının ətrafına ağır texnika və silah-sursat toplayırlar. Lakin heç kəs həmin günün səhəri dəhşətli faciə ilə üz-üzə qalacağına inanmırdı. Lakin gecə ermənilər şəhərə hücum etməyə başlayanda əmim Tofiq Hüseynov insanlara müraciət etdi. Belə qərara alındı ki, könüllülərin yarısı şəhərin müdafiəsini təşkil etsin, digər bir qrup isə qadın və uşaqları Xocalıdan çıxarsın. Həmin gecə biz şəhəri bir az tez tərk etdiyimiz üçün sağ qalmağı bacardıq. Lakin qarlı-şaxtalı gecədə yaşlı insanları, körpə uşaqları Xocalıdan çıxarmaq mümkün olmurdu. Bu günə qədər də mənim nənəm və babamın ölüb-ölmədiyi bəlli deyil. Onlar itkin düşmüş şəxs kimi qeydə alınıblar. Əmimin yoldaşı, onun bacısı və körpə uşaqları da Xocalıda ermənilər tərəfindən qətlə yetiriliblər. Bundan başqa atamın bacısı də faciə qurbanıdır və bu günə qədər taleyi naməlum qalır. Biz təkcə əmimin nəşini ermənilərdən 1992-ci ilin martın 19-da ala bildik. Digər qohumlarımın başlarına gələn müsibətdən isə bu günə qədər xəbərsizik”.

Samirə Hüseynova deyir ki, Xocalı faciəsi zamanı ermənilər misli görünməyən vəhşiliklər törədiblər: “İnsanları tanklardan açılan atəşlə necə vururdularsa, bədənləri tikə-tikə olurdu. Nənəmin Mehman adında qardaşı oğlu vardı. Mehman qradla erməniləri vurduğundan, onu ələ keçirəndə başına olmazın müsibətlərini gətirmişdilər və hətta dilini kəsmişdilər. Ermənilər uşaq – qadın bilmədən hər kəsi vəhşicəsinə qətlə yetirirdilər. Öldürdükdən sonra başını, qulağını və digər bədən üzvlərini kəsirdilər. Baş verən dəhşətli səhnələr bu günə qədər mənim yaddaşımdadır. Aldığım travmalardan sağalmaq üçün dəfələrlə müalicə olunsam da, bu günədək əziyyət çəkirəm. Adi bir qarlı gecə mənə həmin o dəhşətli gecəni xatırladır”.

                   Müşviq Tofiqoğlu

Xəbəri paylaş: