Təhsil Nazirliyi kurikulumun ləğv olunacağına dair məlumatlara münasibət bildirib

12:58 Fevral 25, 2020

Təhsil proqramı (kurikulum) nəyi və necə öyrətməyi, həmçinin qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir. Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır”.

Bu barədə Təhsil Nazirliyindən son zamanlar sosial şəbəkələrdə kurikulumun ləğvi və ya formatının dəyişdirilməsi ilə bağlı yayılan məlumatlarla bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti vahid istiqamətdə həyata keçirmək mümkün deyil. Çünki həmin sənəd əsasında dərsliklər, metodik vəsaitlər hazırlanır, təlimin təşkili istiqamətləndirilir: “Təhsil proqramları məktəbin, təhsilin tarixi boyu həmişə olub. Təlim prosesində nəyin tədris olunması, onun şagirdlərə aşılanması, nəticələrin qiymətləndirilməsi hər zaman problem olaraq təhsillə məşğul olan insanları düşündürüb və müvafiq proqramların hazırlanmasını tələb edib. Bu, cəmiyyətin təhsil ehtiyaclarını tənzim edən normativ sənəd kimi meydana çıxıb. Ölkədə həmişə olduğu kimi, bu gün də təhsil proqramlarından istifadə edilir. Lakin bu proqramlar daimi xarakter daşımır. Onlar dövri olaraq cəmiyyətin ehtiyac və tələblərinə uyğun dəyişir. Necə ki, hazırda ölkədə təhsil proqramları və standartlarının təkmilləşdirilməsi üzərində iş aparılır”.

Xəbəri paylaş: