Yeni təklif: “İş 10 saat olsa, daha yaxşı olar”

14:10 Fevral 27, 2020

İş həftəsi altı günlük olduğu halda da, həftəlik 40 saatlıq normaya riayət olunmalıdır.

ARB TV-nin “Günə doğru” verilişində mövzu ilə bağlı süjet yayımlanıb.

Televiziya əməkdaşının şəhər sakinləri ilə söhbəti zamanı onlardan biri bildirib ki, iş müddəti 7-8 saatdır, amma 10 saat olsa, daha gözəl olar:

“Çox işləyəndə, qazanc daha çox olur”.

“İnsan gün ərzində maksimum nə qədər işləməlidir?”, – sualına isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı belə münasibət bildirib:

“Əmək məcəlləsinin 89-cu maddəsində qeyd olunub ki, bir günlük, yəni gündəlik iş norması səkkiz saatdır. Gündəlik iş normasına uyğun olaraq, həftəlik iş norması Əmək məcəlləsində 40 saat müəyyən olunub.

Əgər həftəlik iş norması 40 saatdırsa, həftə altı günlük iş rejimidirsə, bu halda işçi bir gündə maksimum yeddi saata qədər işlədilə bilər”.

Qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gündəlik səkkiz saat iş vaxtının normasına nəzarət olunması ilə bağlı təkliflər hazırlayır. Həmin təkliflər planı tezliklə hökumətə təqdim olunacaq.

Müvafiq qərar veriləndən sonra nazirlik tərəfindən iş vaxtının normasına nəzarət mexanizmi müəyyən ediləcək.

Xəbəri paylaş: