Məlahət İbrahimqızı: Dövlətimizin başçısının Milli Məclisdəki nitqi cəmiyyətin hər bir üzvünə yönəlmiş mesajdır

Məlahət İbrahimqızı: Dövlətimizin başçısının Milli Məclisdəki nitqi cəmiyyətin hər bir üzvünə yönəlmiş mesajdır

14:00 Mart 12, 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin iclasındakı nitqi tarixi bir çıxış idi. Dünyadakı çağırışları və ölkəmizin prioritetlərini özündə əks etdirən bu nitq həm də Azərbaycan parlamentinin gələcək fəaliyyətini müəyyənləşdirən “yol xəritəsi”dir.

Dövlətimizin başçısının nitqi nəinki Milli Məclisin deputatları, eləcə də cəmiyyətin bütün üzvləri – ziyalılar, elm xadimləri, dövlət qulluqçuları, vətəndaş cəmiyyətinin nümayəndələri, ümumilikdə, hər kəs üçün mesajdır. Prezidentin tövsiyələri, vurğuladığı məqamlar qarşıda görəcəyimiz işlərin təməlidir və mən deyərdim ki, hər bir deputatın gündəlik kompasıdır. Ölkə başçısı hər bir deputatı onları seçən xalqın yanında olmağa, işlərində məsuliyyətli və şəffaf fəaliyyət göstərməyə çağırıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin nitqi deputatların məsuliyyətini birəbeş artırır və onlara stimul verməklə bərabər, həm də daha səmərəli, məhsuldar işləməyə ruhlandırır. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının (YAP) böyük səs çoxluğu ilə qələbə qazanması və altıncı çağırış Milli Məclisin yeni tərkibinin müəyyən edilməsi xalqın Azərbaycan Prezidentinin gördüyü işlərə, onun uzaqgörən siyasətinə, nüfuzuna verdiyi dəyərdir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçiləndə dediyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsi bu gün reallığı əks etdirir.

Dövlətimizin başçısı çoxistiqamətli və hərtərəfli nitqində ölkəmizin daxili və xarici siyasəti ilə bağlı fikirlərini səsləndirdi, konturları müəyyən etdi. Prezident İlham Əliyev, həmçinin ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən tutmuş, qaçqınların, məcburi köçkünlərin, şəhid ailələrinin, aztəminatlı ailələrin, bir sözlə, həssas təbəqənin problemlərinə toxundu.

Dövlətimizin başçısı, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, 1 milyondan çox qaçqın və məcburi köçkünün problemlərinə ədalətlə yanaşmayan, laqeyd qalan, amma ölkədə qondarma, ikinci və ya üçüncü dərəcəli məsələləri qabardan xarici qüvvələrə də mesaj verdi. Bu gün dünyanın müxtəlif ölkələri miqrant problemindən əziyyət çəkir, Azərbaycanda sabitlik, həmrəylik hökm sürür”, – deyə deputat bildirib.

Komitə sədrinin müavini Prezidentin deputatların qəbul etdikləri qanunların icrasına nəzarət etməyi vurğuladını bildirib. Qeyd edib ki, dövlətimizin başçısının tövsiyəsinə görə, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Bundan başqa, Prezident İlham Əliyev parlament-hökumət-vətəndaş üçlüyü arasında münasibətlərin daha səmimi, hesabatlı və məsuliyyətli qurulmasının vacibliyinə diqqət çəkib.

M.İbrahimqızı müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlament sədrinin seçilməsini əlamətdar hadisələrdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, hazırda ölkəmizdə qadınların idarəetmə, icra və rəhbər orqanlarda irəli çəkilməsi adi hal alıb. Çünki bunun üçün Azərbaycanda münbit şərait var. Altıncı çağırış Milli Məclisin sədrinin də qadın olması cəmiyyətimiz, o cümlədən qadınlar tərəfindən yüksək dəyərləndirilir.

“Ümumilikdə, parlament seçkiləri demokratik şəraitdə keçdi və xalqımız öz iradəsini sərbəst şəkildə ifadə etdi. Altıncı çağırış Milli Məclisin yeni tərkibinin müəyyən edilməsi də ölkəmizdə aparılan dərin köklü islahatların davam idi. Düşünürəm ki, Milli Məclis xalqın mənafeyini əks etdirməklə, yeni tərkibdə, yeni spikerlə dövlətçiliyimizin, müstəqilliyimizin qorunması işinə öz layiqli töhfəsini verəcək” – deyə, M.İbrahimqızı qeyd edib.

Xəbəri paylaş: