Rotterdamda keçiriləcək “Eurovision 2020” təxirə salındı

18:44 18.03.2020

Niderlandın Rotterdam şəhərində keçiriləcək “Eurovision 2020” mahnı müsabiqəsi təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) COVID-19 virusu epidemiyası ilə bağlı yaranmış vəziyyəti, eləcə də mahnı müsabiqəsinə ev sahibliyi edəcək ölkənin hökuməti tərəfindən sözügedən epidemiya ilə bağlı qəbul edilmiş məhdudiyyət qərarlarını nəzərə alaraq, “Eurovision 2020” mahnı müsabiqəsinin təxirə salınması qərarını qəbul edib.

Bildirilib ki, mövcud vəziyyətlə bağlı mahnı müsabiqəsi may ayında təşkil edilə bilməz.

“Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Jon Ola Sand 64 il ərzində dünyanın bir çox ölkələrini, eləcə də milyonlarla azarkeşi bir araya gətirən mahnı müsabiqəsinin bu il təşkilinin mümkün olmayacağını təəssüflə qeyd edib. Diqqətə çatdırıb ki, “Eurovision” mahnı müsabiqəsinin 2021-ci ildə Rotterdamda keçirilməsi məsələsinə baxılır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri paylaş: