Türkiyədə aprelin 30-dək dərslər distant yolla keçiriləcək

Türkiyədə aprelin 30-dək dərslər distant yolla keçiriləcək

23:40 Mart 25, 2020

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca və Milli Təhsil naziri Ziya Səlcuk yeni növ koronavirusla (COVID-19) bağlı vəziyyət, bununla əlaqədar ölkənin təhsil sisteminin idarə olunmasına dair birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, nazirlər dünyada sürətlə yayılan virusun Türkiyədə tam nəzarət altında olduğunu əminliklə bildiriblər.

Diqqətə çatdırılıb ki, hazırda təhsil müəssisələrinin bağlı olması tətil kimi qəbul edilməməlidir. Türkiyə hökuməti dərslərin televiziya və internet üzərindən distant yolla keçirilməsini təmin edib. Bu proses aprelin 30-dək davam edəcək.

Qeyd edək ki, Türkiyənin orta məktəblərində apreldə nəzərdə tutulan tətilin vaxtı məlum infeksiya səbəbindən 16-23 mart tarixlərinə irəli çəkilib. Martın 23-dən etibarən dərslərin televiziya və internet üzərindən keçirilməsinə başlanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri paylaş: