Qazaxda xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb

13:27 28.03.2020

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, martın 27-də səhər saatlarından etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırılıb.

Bundan başqa, polis şöbəsinin əməkdaşları rayonun küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səslənərək mümkün qədər evdə qalmağı, özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atmamağa çağırıblar. Yaşı 65-dən yuxarı olan şəxslərlə də profilaktik söhbətlər aparılıb. Polis əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq, bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib.

Xəbəri paylaş: