Əli Həsənovun portmanatda yoxa çıxan “SADİQLİYİ”

17:05 28.03.2020

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması vətəndaş həmrəyliyinin yaradılması və dünya ölkələri üçün qlobal bəlaya qarşı nümunəvi mübarizə metodu oldu. Bu, ölkəmizin daha bir uğurudur. Amma bu fon həm də bəzilərinin mahiyyətini, söz və əməllərinin fərqli olması faktını da ortaya çıxardı. 

Təbii olaraq, media və sosial şəbəkə son günlər imkanlı məmurların və keçmiş məmurların, xüsusilə məmur kimliyi altında səlahiyyətlərindən istifadə edərək böyük biznes şəbəkəsi quranların Fonda ianələr verib-verməməsini, nə qədər vəsait köçürdüklərini müzakirə edir. Çünki ümumbəşəri bəlaya çevrilən koronavirusla mübarizənin yeganə yolu həmrəylikdir və bu həmrəylik təkcə sözdə yox, əməldə də olmalı, dövlətin vətəndaşları üçün həyata keçirdiyi işlərə dəstək verməkdir. 

Axı bir çoxları məmur olarkən bu dövlətin yaratdığı şəraitdən gen-bol istifadə edib, bəs indi niyə gözəgörünmüz olmağa çalışır, yaxud “mənəvi dəstək” kampaniyası ilə kifayətlənirlər?!

Bu sualın ünvanlanacağı ilk adamlardan biri Prezident Adminstrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovdur. Niyə Əli Həsənov? Bunun gündəmə gəlməsinin bir neçə səbəbi var.

Başlıca səbəb Əli Həsənovun həyat yoldaşı, “Kaspi” qəzetinin rəhbəri Sona Vəliyevanın onlardan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürməyi umanlara cavab olaraq, belə bir status da paylaşmasıdır: “Bu gün sevgi, mərhəmət, şəfqət immun sistemimizin qorunmasında əsl peyvənd  rolunu oynamalıdır”.

 

Yəni, Həsənovlar ailəsi pul verməmək üçün “mənəvi dəstək” kampaniyası üzərindən “qaçmağa” çalışır. Məhz bu açıqlama “Niyə Əli Həsənov” sualının gündəmə gəlməsinə ilk səbəb oldu.

Hərçənd ki, Əli Həsənovun məmur kimliyi ilə qazandığı milyardlar fonunda bu “duyğu seli” olduqca gülməlidir və bu da ikinci səbəbi gündəmə gətirir.

Əli Həsənovun məmur olarkən dövlətin yaratdığı şəraitdən necə milyardlar qazandığını açıqlamağa ehtiyac yoxdur. Ölkədə hər kəs onun mətbuata ayrılan pulları necə mənimsədiyini, TV kanallarını özəlləşdirdiyini, reklam bazarını əlinə aldığını və statusundan istifadə edərək, böyük biznes şəbəkəsi qurduğunu bilir. Hələ bir neçə il öncə Əli Həsənov özü ailəsinin biznes şəbəkəsinə sahib olduğunu etiraf etmişdi.

Bəs, böyük biznesmen olan bu keçmiş məmur nə etdi?

Media Sona Vəliyevanın məlum statusunu ictimaiyyətləşdirəndən sonra Əli Həsənovun “Kaspi” şirkətlər qrupu Fonda 10 min manat vəsait köçürdü və bunu elə təqdim etdilər ki, sanki söhbət yüz minlərdən, milyonlardan gedir. Cəmi 10 min manat. Bu gün bir media orqanı Fonda bu qədər, hətta bundan daha çox pul ayırır. İllərlə Azərbaycan mətbuatını gəlir mənbəyinə çevirən Əli Həsənov isə 10 min manatla kifayətlənir, o da məsələ ictimailəşəndən sonra…

Əli Həsənov məhz bu hakimiyyətin hesabına milyardlara sahib olub və hər fürsətdə Heydər Əliyev ideyalarına sadiq olduğunu dilə gətirir. Əgər reallıq belə olsaydı, o zaman bu xeyirxah kampaniyaya 10 min yox, sahib olduğu milyardların bir hissəsini bağışlamalı idi.

 

Necə olur ki, Əli Həsənovdan daha kasıb olan Bakı şəhərinin keçmiş meri Hacıbala Abutalıbov Fonda 37 min 200 manat vəsait ayırır, milyardlara sahib olan sabiq köməkçi isə cəmi 10 min?!

Bu sualın cavabını Əli Həsənov özü verməlidir. Amma çətin ki, versin! Çünki o, hər yerdə dediyinin əksinə olaraq, nə hakimiyyətə, nə də Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqdir. Bundan sadəcə öz biznesini qorumaq üçün istifadə edir və siyasi mövqeyində qətiyyən səmimi deyil.

Əli Həsənovun timsalında koronavirusla mübarizə həm də kimin kim olduğunu ortaya çıxardı. Əli Həsənov sahib olduğu milyardlardan cəmi 10 milyonunu Fonda köçürsəydi, bununla o, əsla kasıblamazdı, əvəzində isə bu vəsait dövlətin virusla mübarizəsinə dəstək ola bilərdi. Axı cənab Həsənov böyük pullarını məhz bu hakimiyyətin, dövlətin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək, qazanıb.

Bu gün yalnız büdcə təşkilatından aldığı maaşla dolanan sadə YAP-çılar var ki, onların Əli Həsənov qədər pulları olsaydı, əminik ki, həmin şəxslər Prezidentin bu təşəbbüsünə dərhal qoşular və əllərində olan vəsaitin böyük hissəsini ölkənin üzləşdiyi ümumbəşəri problemin aradan qaldırılması uğrunda sərf edərdilər. Amma təəssüf ki, onlarda olan ürək Əli Həsənovda yoxdur, Əli Həsənovda olan pullar da onlarda…

Vasif Həsənli

“Demokrat.az” xəbər portalının baş redaktoru

Xəbəri paylaş: