Mehriban Əliyeva: “Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar”

1:46 29.03.2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində tibb işçilərimizlə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün biz hamımız çətin günlər yaşayırıq. Yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəlik – koronavirus epidemiyası gündəlik həyatımızı alt-üst edib. Müasir dünya hələ belə böhranla qarşılaşmamış və bu miqyasda karantin tədbirləri tətbiq etmək zərurəti ilə üzləşməmişdir. Koronavirus pandemiyası müasir səhiyyə sistemi üçün son dərəcə çətin sınaq oldu. Hətta bir çox qabaqcıl, inkişaf etmiş ölkələr belə onun öhdəsindən gələ bilmirlər.

Koronavirusla mübarizəni artıq müharibə ilə müqayisə edirlər. Bu, həqiqətən də müharibədir. Sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibədir. Bir çox ölkələr kimi, Azərbaycan da fövqəladə tədbirlər görmək, sərhədləri bağlamaq, ciddi karantin rejimi tətbiq etmək məcburiyyətindədir. Görünməz təhlükə ilə mübarizə bu gün müxtəlif istiqamətlərdə aparılır. Bu mübarizə müxtəlif peşə sahibləri olan bir çox insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Amma ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər. Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir.

Xəbəri paylaş: