“Mərkəzi Bankın məhz bu dövrdə atdığı addım banklara olan inamı sarsıdacaq”

“Mərkəzi Bankın məhz bu dövrdə atdığı addım banklara olan inamı sarsıdacaq”

0:22 02.05.2020

Mərkəzi Bankın dörd bankla bağlı son qərarı bank sektoru ilə, sektorun gələcəyi ilə bağlı müəyyən müzakirələrə yol açıb. Xüsusilə indiki pandemiya dövründə birdən-birə belə qərarın qəbul edilməsi birmənalı qarşılanmayıb. Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev Moderator.aza mövzu ilə bağlı şərhində bildirib ki, sözügedən banklarla bağlı qərarın subyektiv amillərlə əlaqələdirilməsi doğru olmaz, çünki onların vəziyyətinin yaxşı olmaması hesabatlardan da görünürdü:

“Bankların müntəzəm olaraq hesabatları aparılır. Sözügedən banklarla bağlı onu deyə bilərəm ki, onlar ötən ildən zərərlə işləyiblər. ATA Bank ötən il depozitləri də verə bilmirdi, “AmrahBank” kapitalına görə ən bərbad vəziyyətdə olan bank idi, müəyyənləşdirilimiş standartdan çox aşağı idi. Bu baxımdan yanaşanda, həmin bankların subyektiv amillərə görə bağlanmasını söyləmək doğru olmaz. Yalnız NBC Bankla bağlı bir az fərqli durum ola bilərdi, çünki ötən il bu bank mənfəətlə işləyib, hətta aktivlərini iki dəfə artırmışdı. Lakin hesabatlardan görünür ki, bu ilin ilk rübündə bu bank da zərərlə işləyib”. Ekspert bankların bağlanmasının müəyyən ziddiyyətlərlə əlaqədar olması fikrinə də aydınlıq gətirib:

“Hər kəs bilir ki, Azərbaycandakı bankların hamısı oliqarxiyaya bağlıdı. Ondan kənarda bank yoxdur. Bu baxımdan daxili ziddiyyətlər haradasa rol oynaya bilər. Ancaq bundan çıxış edərək demək ki, işlək bankı, mənfəətlə işləyən bankı bağlayırlar, bu, doğru və peşəkar yanaşma olmaz. Burada əsas faktor bankların real vəziyyəti və aktivləridir. Pərdə arxasında hansı məsələlərin olması ayrı məsələdir. Mərkəzi Bank hansısa banka dəstək verə bilər və ya verməyə bilər. Bu, başqa məsələdir. Ancaq fakt odur ki, maliyyə hesabatları əyani şəkildə göstərir ki, bu bankların vəziyyəti yaxşı deyildi. Reallıq budur”. Rövşən Ağayev onu da əlavə edib ki, yalnız banklarla bağlı qərarın belə bir dövrdə qəflətən verilməsi müəyyən mübahisələr yarada bilər. Elə etmək lazım idi ki, banklara olan etimad zərər görməsin:

“Lakin bu başqa bir yanaşmadır ki, bəlkə MB bu banklara müəyyən dəstək verib, heç olmasa pandemiya dövründə  panika yaranmasına səbəb verməzdi, ən azından vətəndaşlar tədricən rahat şəkildə depozitləri geri çəkə bilərdilər. Bu baxımdan bu addım bank sistemi üçün ağır zərbə olacaq. O bankların iflası qaçılmaz olsa belə, Mərkəzi Bankın məhz indi atdığı addım ciddi şəkildə vətəndaşların və sahibkarların banklara olan inamlarını sarsıdacaq.

Onsuz da Azərbaycanda bank sektorunda böyük təmərküzləşmə var idi. İndi bu proses daha sürətlə gedəcək. Ölkədə bank aktivlərinin 68-69 faizi, mənfəətlərin isə 75 faizi ilk 5 bankın əlində cəmlənib. Bu, çox yüksək təmərküzləşmədi.

Bundan sonra təmərküzləşmə bir az da artacaqdır. Nəticə də o olacaq ki, bank sektrounun yükü 10-12 bankın üzərinə düşəcək və növbəti böhranda risk onların üzərində olacaq. Onda necə olacaq?”.

Xəbəri paylaş: