Polşanın “Historia” nəşrində Fərid Şəfiyevin Rusiya imperiyasının köçürmə siyasətinə dair məqaləsi dərc olunub

Polşanın “Historia” nəşrində Fərid Şəfiyevin Rusiya imperiyasının köçürmə siyasətinə dair məqaləsi dərc olunub

18:50 01.06.2020

Varşava, 1 iyun, AZƏRTAC 

Polşanın nüfuzlu “Historia” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Rusiya imperiyasının köçürmə siyasəti və bunun Ermənistan-Azərbaycan münaqişəsinə təsirinə dair məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ilk olaraq Rusiya imperiyasının XIX əsrdə erməniləri Cənubi Qafqaza köçürmə siyasətinin əsas məqamları nəzərdən keçirilir. Həmçinin regionda baş vermiş demoqrafik dəyişikliyin XX əsrdə Ermənistan ilə Azərbaycan arasında gərginləşən münaqişəyə təsiri təhlil edilir.

Müəllif bildirir ki, XIX əsrin əvvəllərində Qacarlar və Osmanlı imperiyaları ilə sərhəddə yerləşən Cənubi Qafqaz Rusiya üçün vacib strateji əhəmiyyət daşıyırdı. Buna görə də Rusiya imperiyası ermənilərin regiona köçürülməsi barədə qərar qəbul edir. Fərid Şəfiyev qeyd edir ki, ilk köçürmə 1828-ci ildə 16 mart-11 iyun tarixləri arasında baş tutub. Bu zaman 40 min erməni Qafqaza köçürülüb.

Köçürmənin ikinci dalğası isə 1829-cu ildə həyata keçirilib. Bildirilir ki, XIX əsrdə Rusiya imperiyası tərəfindən həyata keçirilən köçürmə kampaniyaları Cənubi Qafqazda radikal dəyişikliklərə səbəb olub. Bundan isə daha çox azərbaycanlılar əziyyət çəkiblər. Belə ki, onların əraziləri ilə yanaşı, iqtisadi və sosial inkişafı məhz imperialist ideyaları naminə üstünlüyü ermənilərə verən Rusiya tərəfindən idarə olunub.

Müəllif köçürülmə siyasəti ilə etnik-ərazi münaqişələri arasında bağlılığı qeyd edərək yazır ki, qeyri-bərabər demoqrafik dəyişiklik Bakı kimi böyük şəhərlərdə də sabitliyin pozulmasına səbəb olub və 1905-1906-cı illərdə etniklərarası qanlı toqquşmalar baş verib. “Demoqrafik vəziyyət, yəni, yaşadıqları ərazilərdə say üstünlüyü etnik qrupları həmin torpaqlara iddia etməyə həvəsləndirib”,- deyə müəllif vurğulayıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

AZERTAG.AZ :Polşanın “Historia” nəşrində Fərid Şəfiyevin Rusiya imperiyasının köçürmə siyasətinə dair məqaləsi dərc olunub

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: