“Gələcəyin sahibkarı” müsabiqəsinin qalibləri açıqlanıb

“Gələcəyin sahibkarı” müsabiqəsinin qalibləri açıqlanıb

19:06 01.06.2020

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirdiyi “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsinin qaliblərini elan edib.

Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Kiçik sahibkarlar” ASK və “İnci” şirkətlər qrupuna daxil olan “Ofisait” şirkətinin təqdim etdiyi hədiyyələrə layiq görülüblər. Məlumat üçün bildirək ki, müsabiqəyə 8-11, 12-15 yaş qruplarında 25 şagird yazı göndərib, 6 nəfərdən ibarət münsiflər heyəti yazıları bir neçə kateqoriya üzrə bal sistemilə qiymətləndirib.

ASK-nın baş katibinin müavini Nərmin Qəniyevanın sözlərinə görə, “Gələcəyin sahibkarı” müsabiqəsinin keçirilməsində məqsəd uşaqlar arasında sahibkarlıq mədəniyyətinin formalaşmasına töhfə verməkdir. Sahibkarlığı kiçik yaşlarında formalaşdırmaq lazımdır. Hər bir böyük işin təməli kiçik addımlardan başlayır.

“Ofisait” şirkətinin departament müdiri və münsiflər heyətinin üzvü İlkin Rufullayev də qalibləri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.

Qeyd edək ki, “İş yeri axtarma iş yeri yarat”, “Öz biznesinə başla” layihələrini uğurla həyata keçirən ASK uşaqlar arasında sahibkarlıq ideyalarının aşılanması məqsədilə “Gələcəyin sahibkarı” müsabiqəsinin daimi şəkildə keçirəcək.

 

AZERTAG.AZ :“Gələcəyin sahibkarı” müsabiqəsinin qalibləri açıqlanıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: