Litva Respublikasının Prezidenti Gitanas Nausedadan

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan

22:10 01.06.2020

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi və xalqınızı Azərbaycanın müstəqilliyinin 102-ci ildönümü və Ramazan bayramı münasibətilə təbrik edirəm. Bütün dünyanın pandemiya ilə üzləşdiyi bir vaxtda ölkənizə və xalqınıza həmrəylik, müqavimət və şəfa arzulayıram.

Litva və Azərbaycan arasında münasibətlərin getdikcə möhkəmlənməsindən çox şadam. Bizim videobağlantı formatında son danışığımız da göstərdi ki, maraq olan yerdə fəal ikitərəfli əməkdaşlıq mümkündür. Ümid edirəm ki, keçirilməsi planlaşdırılan Litva-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında iqtisadi əlaqələrin inkişafını müzakirə etmək imkanımız olacaqdır.

Azərbaycanın və Litvanın informasiya texnologiyaları, nəqliyyat, mebel və qida sənayesi, tibb və təhsil sahələrində böyük potensialı var. Qəti əminəm ki, bütün dünyaya yayılmış pandemiya aradan qalxdıqdan sonra xalqlarımız üçün turizm sahəsində daha geniş əməkdaşlıq imkanları yaranacaqdır.

Hazırda Azərbaycan Türk Şurasında və Qoşulmama Hərəkatında sədrlik edir. Sizin təşəbbüsünüzlə videobağlantı şəklində çoxtərəfli formatda Zirvə görüşləri uğurla keçirildi.

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər Litva üçün çox önəmlidir. Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq sazişi ilə bağlı danışıqların yekunlaşdırılması bu əlaqələrin möhkəmləndirilməsinə uyğun addım olardı. Litva Azərbaycanın Avropa İttifaqı ilə fəal dialoqunu və Şərq Tərəfdaşlığı ölkələrinin Avropa İttifaqı dövlətləri ilə müzakirələrini dəstəkləməyə hazırdır.

Zati-aliləri, Sizi milli bayram münasibətilə bir daha təbrik edirəm.

Xahiş edirəm, Sizə olan ən dərin ehtiramımı qəbul edin.

Gitanas Nauseda

Litva Respublikasının Prezidenti

Xəbəri paylaş: