“Daily News Hungary” internet portalında Azərbaycan səfirinin müsahibəsi dərc edilib

“Daily News Hungary” internet portalında Azərbaycan səfirinin müsahibəsi dərc edilib

1:50 02.06.2020

Budapeşt, 2 iyun, AZƏRTAC 

Macarıstanın nüfuzlu “Daily News Hungary” internet portalında Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü mövzusunda müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə 1918-ci il mayın 28-də Şərqdə ilk parlament üsul-idarə tipli demokratik respublikanın elan edilməsi barədə yazılıb. Bütün Yaxın və Orta Şərqdə, islam dünyasında ilk dəfə parlament tipli demokratik dövlət qurulub. Çar Rusiyasının süqutu nəticəsində qurulan milli dövlətimiz iki ildən sonra bolşevik Rusiyası tərəfindən işğal olunub. Yalnız aradan 70 il keçəndən sonra, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edib. İndiki Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisidir.

İki il tarix üçün böyük vaxt deyil. Amma iki ildə ADR-in böyük nailiyyətləri olub. Paris Sülh konfransında de-fakto tanınıb. Milli bayrağımızı, gerbimizi yaradıb. Bu bayrağın bütün Azərbaycan ərazisi üzərində dalğalanmasını təmin edib. 30 min nəfərlik döyüş qabiliyyətli milli ordu qurub, Bakıda ilk universiteti açıb, azərbaycanlı gəncləri ali təhsil almaq üçün Avropa ölkələrinə göndərib, Azərbaycan dilini dövlət dili elan edib. Ölkə ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarına hörmətlə yanaşıb. Bütün Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verib. Ən başlıcası isə insanlarda milli dövlətçilik duyğusu formalaşdırıb. Dünyaya Azərbaycan adlı ölkənin və onun milli dövlətinin olması həqiqətini çatdırıb. Sonralar bolşeviklər tərəfindən dəfələrlə kobud şəkildə dəyişdirilməsinə baxmayaraq bu dövlətin sərhədlərini müəyyən edib. Əgər 1918-1920-ci illərdəki Azərbaycan Respublikası və onun beynəlxalq miqyasda əzmkarlıqla mübarizə aparan siyasi liderləri olmasaydı, Azərbaycanı işğal edib qırmızı imperiyanın tərkibinə qatan bolşeviklər burada milli dövlət qurulmasına imkan verməyəcəkdilər.

Müsahibədə Azərbaycanla Macarıstan arasındakı münasibətlərdən də danışan V.Quliyev qeyd edib ki, iki ölkə arasında dostluq əlaqələri daim inkişaf etməkdədir. 2014-cü ildə iki ölkə arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Bakı ilə Budapeşt arasında birbaşa hava reysi fəaliyyət göstərir. İqtisadi əməkdaşlıq sahəsində də müəyyən uğurlar var. Ötən il Macarıstan iqtisadi rəqabətə davamlı və geniş maliyyə imkanına malik bir ölkə kimi “Əsrin müqaviləsi” adlanan neft kontraktında 10 faizlik bir pay aldı. Şübhəsiz, bu həm də ölkənin siyasi nüfuzunun və Azərbaycanla sıx əlaqələrinin göstəricisi sayıla bilər. Bu gün Macarıstan çox sayda azərbaycanlı tələbənin təhsil aldığı ölkədir. Bu tələbələr iki dövlət, xalq və mədəniyyət arasında canlı körpülərdir. Macarıstanın Türk Əməkdaşlıq Şurasında müşahidəçi statusu alması da qarşılıqlı əməkdaşlığımızın genişlənməsinə təminat verən bir amildir.

V.Quliyev bildirib ki, koronavirus səbəbindən yaranmış şəraitə görə builki milli bayramımızda səfirlik hər il olduğu kimi, çoxsaylı qonaqların – diplomatik korpusun, macar dostların iştirakı ilə böyük qəbul keçirə bilməyib. Regionlara getmək də müəyyən çətinliklə bağlıdır. Ona görə də, Azərbaycan diplomatlarının fəaliyyəti daha çox virtual sahəyə keçirilib. Bu ilin əvvəlindən Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evi, eləcə də Macarıstanın demək olar ki, bütün universitet şəhərlərində mövcud olan tələbə cəmiyyətlərimiz vasitəsilə ölkəmizi tanıtmaq, təbliğ etmək, habelə Azərbaycan xalqının milli bayramını qeyd etmək istiqamətində müəyyən işlər görülür.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

AZERTAG.AZ :“Daily News Hungary” internet portalında Azərbaycan səfirinin müsahibəsi dərc edilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: