ABA-nın “Daxili Audit” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

10.03.2020 Off By admin

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun növbəti iclası keçirilib.

APA-Economics”in ABA-ya istinadən verdiyi xəbərə görə, tədbirdə ekspert Qrupunun sədri Elgün Qurbanov, Azərbaycan Beynəlxalq Bankının Daxili audit departamentinin baş auditoru Ramil Hacıbalayev, departament direktorunun müavini Fərid Orucov və Daxili Auditorlar İnstitutunun Azərbaycan nümayəndəliyinin prezidenti Əziz Fətəliyev çıxış ediblər.

İclas zamanı banklarda çevik audit fəaliyyəti, daxili auditdə “benchmarking” və bir sıra digər məsələlər ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb. Sonda Ekspert Qrupunun sədri Elgün Qurbanov növbəti görüş reqlamentinin müəyyən edilməsi ilə bağlı bağlanış nitqi ilə çıxış edib.

Xatırladaq ki, daxili audit ekspert qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.

ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Share