Afrika ölkələrinin diplomatları Dağlıq Qarabağda mövcud vəziyyətlə bağlı məlumatlandırılıb

Afrika ölkələrinin diplomatları Dağlıq Qarabağda mövcud vəziyyətlə bağlı məlumatlandırılıb

08.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ADA Universiteti və Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik) AIDA inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə bir sıra Afrika ölkələrinin diplomatları üçün onlayn formatda “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” adlı ixtisasartırma kursu təşkil edir.

XİN-in Mətbuat Xidməti İdarəsindən APA-ya verilən məlumata görə, proqram beş fərqli moduldan ibarət olmaqla, beynəlxalq siyasət, hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq kimi mövzuları əhatə edir.

Bildirilib ki, bu proqramda iştirak edən əcnəbi diplomatlar ölkəmizin tarixi, siyasəti, coğrafiyası və mədəniyyəti barədə geniş məlumat əldə edir.

Qeyd olunub ki, cari ilin 5-16 oktyabr tarixlərində təşkil edilən proqramda Benin, Burkina Faso, Cibuti, Ekvatorial Qvineya, Kamerun, Qambiya, Qana, Qvineya, Madaqaskar, Mavritaniya, Misir və Nigerdən olan 15 diplomat iştirak edir.

Proqramın cari ilin 5 oktyabr tarixində baş tutan açılış mərasimində iştirakçılara Dağlıq Qarabağ münaqişəsində mövcud vəziyyət, Ermənistanın törətdiyi son təxribatlar və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə barədə ətraflı məlumat verilib.

Share