Ali və orta-ixtisas təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə ölkə çempionatı keçiriləcək

12.03.2020 Off By admin

Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə ölkə çempionatı keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, çempionatın mövcud beynəlxalq qaydalar əsasında cari ilin aprelin 4-də start götürməsi və mayın 10-da yekunlaşması nəzərdə tutulur. Çempionatda 35 ali və orta ixtisas təhsil müəssisələrinin komandaları iştirak edəcək. Komandaların 22-si Bakı şəhərini, 13-ü isə regionları əhatə edir. Yarışların birinci mərhələsində komandalar püşkatma yolu ilə 8 yarımqrupa bölünərək mübarizə aparacaq. Yarımqrup oyunlarının beşi Bakı şəhərində, ikisi isə regionlarda (Şirvan və Gəncə şəhərləri) keçiriləcək. Sonrakı mərhələlər 1/16, 1/8, 1/4, yarımfinal və final oyunlarını əhatə edir. Oyunlar Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Göygöl Olimpiya İdman Kompleksinin idman zallarında keçiriləcək. Oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş heyət tərəfindən idarə olunacaq. I, II və III yeri tutan komandalar müvafiq diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa, təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futzalçılar da xüsusi mükafatlarla təltif olunacaq.

Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsi, tələbələr arasında ən güclü futzal komandasının müəyyənləşdirilməsi, həmçinin beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Qeyd edək ki, futzal üzrə çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və Azərbaycan Futzal Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.

Share