Aqşin Nazim oğlu İbadov — İGİD ÖLƏR, ADI QALAR

Aqşin Nazim oğlu İbadov — İGİD ÖLƏR, ADI QALAR

25.12.2020 Выкл. Автор admin
     İbadov Aqşin Nazim oğlu 24 avqust 1984-cü ildə Lənkəranın Boladi kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Atası İbadov Nazim Mirzə oğlu Lənkəranın Liman şəhərində 43 il riyaziyyat və fizika dərslərini tədris etmişdir.
Aqşin 1990- 2001-ci illərdə Boladi kənd 1 saylı orta məktəbi yüksək qymətlərlə başa vuraraq Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2005-ci ildə “Kəşfiyyatçı” ixtisası üzrə oranı bitirmişdir. İlk iş yeri Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissə olmaqla, müxtəlif illərdə Mingəçevirdə, Murovdağ istiqamətində, Gədəbəydə yerləşən ayrı-ayrı hərbi hissələrdə nümunəvi xidmət aparmış və kəşfiyyatçı zabit kimi kəşfiyyat taqım komandiri, kəşfiyyat bölük komandiri və hərbi hissənin kəşfiyyat rəisi vəzifələrini yerinə yetirmişdir. Bu illər ərzində nümunəvi xidməti və bacarıqlı kəşfiyyat zabiti olaraq baş leytenant, kapitan və mayor hərbi rütbələrini almışdır. 2015-2018-ci illər arasında müxtəlif ölkələrin hərbçilərinin də qatıldığı müxtəlif kurslarda və seminarlarda iştirak etmiş, sertifikatlar, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
На изображении может находиться: 2 человека, в том числе Md Ibadzadə, люди стоят
Ümumiyyətlə, xidmət etdiyi illərdə Azərbaycan Respublikası Müdafiə nazirinin,  Gənclər və İdman nazirinin, ayrı-ayrı hərbi hissə komandirlərinin qiymətli hədiyyələri və Fəxri Fərmanlarına layiq görülmüşdür. Hətta bir dəfə zarafatla qardaşı Emilə: “General Lənkəran Əliyevin verdiyi hədiyyə saatlardan kolleksiya toplayacağam”,-demişdi.
Aqşin Türkiyə türkcəsini və ingilis dilini mükəmməl öyrənmişdi. Bu səbəbdən xarici ölkələrdən olan hərbçilərin də qatıldığı toplanışlarda özünə dostlar qazanmış və onlarla ünsiyyət qurmuşdu. Belə dialoqlarla o, Azərbaycan haqqında həqiqətləri, Azərbaycan xalqının üzləşdiyi Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri əcnəbi vətəndaşlara izah edir və onlarda düzgün təəssürat yaratmağa çalışırdı. Həmişə də gördüyü bu işlərin nə dərəcədə faydalı olduğunu ailədə qardaşları ilə, atasıyla bölüşürdü və bundan qürur duyurdu. Hər zaman erməni işğalına son qoyulacağına onda böyük bir inam vardı. Kəşfiyyatçı kimi düşmənin dilini öyrənmək üçün kursa da gedirdi.
2018-2020-ci illər Aqşinin həyatının ən parlaq illəri idi. O, 2018-ci ildə Ali Hərbi Akademiyaya imtahan verib yüksək qiymətlərlə Akademiyaya daxil oldu. Sevincini qardaşı Emillə bölüşəndə Türkiyə və yaxud Rusiyada olan Ali Hərbi Akademiyaların birində təhsilini davam etdirmək şansının olduğunu fərəhlə qeyd edirdi. Yaranmış şansdan Aqşin tərəddüd etmədən Türkiyədə İstanbul Milli Savunma Universitetini seçdi və seçiminin düz olduğunu daha sonralar da sübut etdi.Peşəsinin mükəmməl bilicisinə çevrilməsində, milli vətənpərvərlik hisslərinin coşquyla mənimsənilməsində bu amil Aqşinin həyatında böyük arzuların başlanğıcı idi. Torpaqlarımızın işğaldan azad olunması uğrunda Ali Baş komandanın rəhbərliyi altında Vətən müharibəsində Şəhid olan mayor Aqşin İbadov Azərbaycan Respublikası Prezidentinin Sərəncamıyla «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif olunanlar sırasındadır.
Allah Şəhidlərimizə rəhmət eləsin! Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Füzuli Əfqanoğlu,
«Hakimiyyət» qəzeti

Share