“Azərenerji” “Cənub” elektrik stansiyasına 26 kilometrlik qaz kəməri çəkib

“Azərenerji” “Cənub” elektrik stansiyasına 26 kilometrlik qaz kəməri çəkib

11.09.2019

14:21

“Azərenerji” ASC “Reabilitasiya proqramı”na uyğun olaraq Şirvan şəhərindəki “Cənub” elektrik stansiyasına Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan 26 kilometr məsafədə 530 millimetlik borularla yeni qaz kəməri çəkib və artıq istismara verib.

ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, bugünədək “Cənub” elektrik stansiyasında hər birinin gücü 5,7 meqavat olmaqla 2 qaz kompressoru işləyirdi və onlar turbinə ötürmək üçün qazın təzyiqini 13 atmosferdən 28 atmosferə qədər qaldırmalı olurdu. Buna görə həm stansiyanın işində problemlər yaranır, həm də orta hesabla ay ərzində 8 milyon kilovat/saat elektrik enerjisinin sərfinə gətirib çıxarırdı. Yeni xətt istismara verildiyindən indi qaz kompressora deyil, birbaşa turbinə daxil olur və həmin kampressorların işləməsinə ehtiyac qalmır. Bununla da ilk növbədə elektrik stansiyasının etibarlığı və dayanıqlığı artır, eyni zamanda, istehsal prosesində sərf edilən aylıq 8 milyon kilovat/saat elektrik enerjisinə qənaət olunur və əvəzində həmin elktrik enerjisi ümumi sistemə ötürülür.

Qeyd edək ki, bu günə qədər “Reabilitasiya proqramı” çərçivəsində “Cənub” elektrik stansiyasından “Xırdalan” yarımstansiyasına 108 kilometr məsafədə 220 kilovoltluq yüksəkgərginlikli yeni elektrik verilişi xətti çəkilib. Bu isə Bakının elektrik enerjisi ilə təchizatının etibarlığı və dayanıqlığını gücləndirib. Eyni zamanda, ötən il iyulun 3-də enerji sistemində baş verən qəza nəticəsində sıradan çıxan 330/220/6 kilovoltluq avtotransformator təmir edilərək “Cənub” elektrik stansiyasındakı yerinə quraşdırılıb. Ümumilikdə elektrik stansiyasının qazanlar, turbinlər və başqa avadanlıqlarda həyata keçirdiyi təmir-sazlama işləri nəticəsində stansiyanın gücü 520 meqavatdan 720 meqavata qaldırılıb və bununla da 200 meqavat “itirilmiş” güc bərpa olunub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email