Elmi seminar: Təhsil mühitində sosial şəbəkələrin analizi

20.02.2020 Выкл. Автор admin

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda elmi müəssisənin doktorantı Nuranə Cəbrayılova “Təhsil mühitində sosial şəbəkələrin analizi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, sosial şəbəkələrin analizi şəbəkə üzvləri arasında əlaqələri araşdırmaq, davranışları təxmin etmək, şəbəkədə məlumat axınlarını modelləşdirmək və təsnifat aparmaq üçün istifadə olunur.

Məruzəçi sosial şəbəkə daxilində müəllim-şagird münasibətlərinin müxtəlifliyindən danışaraq qeyd edib ki, sosial şəbəkələrin analizi şəbəkə daxilində aktorlar arasındakı münasibət və əlaqələrə əsaslanır. Təhsil, sosial şəbəkə məlumatlarında Big Data və sentiment analizlərin aparılması vacibdir.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev 4-cü sənaye inqilabının texnoloji yenilikləri nəticəsində cəmiyyətdə smartlaşma prosesinin genişləndiyini nəzərə alaraq Industry 4.0-ın müasir təhsil sisteminə birbaşa və dolayı təsirinin araşdırılmasını da tövsiyə edib. Ölkədə ailə institutlarının, həmçinin cəmiyyətdə etnokultural vəziyyətin və digər məsələlərin həllinin vacibliyini vurğulayıb. Qeyd edib ki, sadalanan məsələlərin həlli məqsədilə sosial şəbəkələrin analizi üsullarından istifadə etmək vacibdir.

Akademik diqqətə çatdırıb ki, təhsilin sosioloji tərəfini yaxşı öyrənməklə bu sahədə münasibətlərin metrikasını müəyyən etmək mümkündür.

R.Əliquliyev doktoranta şagirdlərin və ali məktəb tələbələrinin internet asılılığının təhsil prosesinə və təhsilin keyfiyyətinə təsirinin də araşdırılmasını tövsiyə edib.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Share