Ermənistan Azərbaycana qarşı Çin istehsalı olan reaktiv yaylım atəşi sistemindən istifadə edir

Ermənistan Azərbaycana qarşı Çin istehsalı olan reaktiv yaylım atəşi sistemindən istifadə edir

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ermənistan ordusu Azərbaycana qarşı Çin istehsalı olan “WM-80” reaktiv yaylım atəşi sistemindən (RYAS) istifadə edir.

APA-nın məlumatına görə, Ermənistan ordusunun arsenalında olan 273 mm-lik “WM-80” RYAS Çin hərbi sənayesi tərəfindən istehsal olunur.

“Hərbi Analiz” yazır ki, bu sistemlərin seriyalı istehsalına 1990-cı ildə başlanıb və “NORİNCO” korporasiyası tərəfindən ixraca təklif olunan 273 mm çaplı “WM-80” RYAS-ın hazırda Ermənistan və İordaniyanın silahlanmasında yer alır. WM-80 buraxıcı qurğusu yükqaldırma qabiliyyəti 20 ton olan 8×8 təkər formullu “Shandonq Taian TAS5380” yük maşınlarında qurulub.

Keçmiş SSRİ-nin “Smerç” tipli RYAS-lərinin “klonu” adlandırılan WM-80-ın atəş idarəetmə sistemi, sistemin konstruksiyaları və doldurulma mexanizmi çox oxşardır. Buraxıcı kompleks 8 borudan ibarətdir və 60 dərəcə qalxma bucağı altında atəş açmağa imkan verir. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, sistemin marş halından döyüş halına gətirilməsi 3-5 dəqiqəyə mümkündür. WM-80 raketinin birinin çəkisi 505 kq, döyüş başlığı 150 kq, atəş uzaqlığı 34-80 km-dir.

Çin WM-80 modeli yaradıldıqdan sonra onu son 27 ildə cəmi iki ölkəyə ixrac edə bilib. Burada meydana çıxan digər sual isə onun Çin Ordusunun silahlanmasında yer almamasıdır. WM-80 modelindən sonra çinlilər atəş uzaqlığının artırılması üçün sistemi daha da modernləşdirmək qərarına gəliblər. Böyük işlərin getməsinə baxmayaraq, sistemdə hiss olunan bir dəyişiklik əldə etmək mümkün olmayıb. Sistem özü demək olar ki, dəyişilməz qalsa da, yeganə nailiyyət raketlərə 120 km (WM-120) məsafəyə qədər uzaqlığın verilməsi sayıla bilər.

273 mm çaplı “WM-80” reaktiv yaylım atəşi sisteminin texniki göstəriciləri belədir:

İstehsalçı ölkə: Çin

İstehsalçı firma: Norinco korporasiyası

Tip: Reaktiv yaylım atəş sistemi

İstehsal tarixi: 1990

Xidmətə giriş ili: 1990 – günümüzə

Lülə diametri: 273 mm

Lülə sayı: 8 ədəd

Doldurulma: 5–8 dəq

Döyüşə hazır vəziyyətə gətirilmə: 3–5 dəq

Şaquli qalxma bucağı: +20º… +60º

Üfüqi tuşlama bucağı: ±20°

Raketin çəkisi: 505 kq

Döyüş başlığının çəkisi: 150 kq

Minimal atəş məsafəsi: 34 km

Maksimal atəş məsafəsi: 80 km

Şassi: Shandonq Taian TAS5380

Heyət üzvü: 5 nəfər

Ağırlıq: 18 ton

Yükqaldırma qabiliyyəti: 20 ton

Uzunluğu: 9.55 m

Eni: 3.06 m

Hündürlüyü: 3.30 m

Təkər formulası: 8×8

Mühərrik: Deutz turbo dizel

Güc: 517 a.g.

Maksimal sürət: 80 km/s

Döyüş radiusu: 800 km

İstifadə edən ölkələr: Ermənistan, İordaniya.

Share