Ermənistanın mülki əhaliyə hücumları ilə bağlı xüsusi hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim ediləcək

Ermənistanın mülki əhaliyə hücumları ilə bağlı xüsusi hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim ediləcək

11.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki vətəndaşların, xüsusilə də uşaq və qadınların, ballistik raketlərlə məqsədli şəkildə öldürülməsi Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar prinsiplərin pozulması kimi qiymətləndirilməlidir”.

APA-nın xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

O bildirib ki, bunun üçün, Azərbaycan Hökuməti tərəfindən xüsusi hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim ediləcək: “Eyni zamanda, bu sənədlərin gələcəkdə yaradılan beynəlxalq hərbi tribunala da təqdim edilməsi vacibdir. 

Bu günlərdə, uşaq və qadınların Ermənistan qoşunları tərəfindən məqsədli şəkildə tuşlaması faktının təsdiq edilməsi üçün hesabatın hazırlanması məqsədilə BMT çərçivəsində xüsusi komissiyanın yaradılması təklifini Azərbaycan təqdim edə bilər. Bunun üçün mülki əhaliyə qarşı hərbi və insanlığa qarşı cinayətlərlə bağlı Baş Prokurorluq, Ombudsman, XİN, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər təşkilatlar tərəfindən hazırlanan sənədlər istifadə ediləcək. 

Ermənistanın Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən cinayətlər nəinki iki ölkə arasında münaqişəni əhatə edir, eyni zamanda regional təhlükəsizliyə birbaşa təsir edir. Xüsusilə də, sərhədyanı və münaqişənin təmas xəttində olan əhalinin bu günlərdə  təhlükəsizliyinin, psixoloji vəziyyətinin, su və kommunal resurslara əlçatanlığının təmin edilməsi üçün Azərbaycan Hökuməti tərəfindən vacib tədbirlər görülür. Ancaq buna baxmayaraq, erməni silahlı qüvvələri məktəbləri, evləri, uşaq bağçalarını, xəstəxanaları və digər mülki obyektləri bombalayır. Ermənistanın hərbi hücumları nəticəsində həmin regionlarda və şəhərlərdə uşaqların, qadınların, ahılların, əlillərin həyatları risk altındadır, sağlamlığı və psixoloji vəziyyəti gərgindir. Zərərçəkən əhali ilə uzun müddət psixoloqların və sosial işçilərin işi aparılmalıdır, təhlükəsizliyi və sağlamlığı bərpa edilməlidir”. 

E. Səfərov qeyd edib ki, bu təcavüz çərçivəsində artıq 1992-1994-cü illərdə Ermənistan hökumətinin Azərbaycan Respublikasının əhalisinə qarşı zəhərli, bakterioloji elementləri özündə əks etdirən və digər qanunsuz silahlardan istifadəsi qeydiyyata alınıb: “Bu günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar normalarına qarşı olan kaset bombaların və zəhərli qazların istifadəsi qeydiyyata alınıb. Bu faktlar ətraflı şəkildə araşdırılaraq, beynəlxalq təşkilatlara ünvanlanan hesabatlarda xüsusilə qeyd edilməlidir. 

Bu prosesdə Ermənistan hökumətinin həyata keçirdiyi hərbi təcavüzkar və insanlığa qarşı cinayətlərə hüquqi qiymət verilərək, məsuliyyətə cəlb edilməsi məsələsi qaldırılması vacibdir. Bu məsələnin həm qoşulmama hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən BMT-nin Təhlükəsizlik Şurasında baxılması və qərar verilməsi üçün qaldırılması mümkündür. Beynəlxalq təhlükəsizliyin və sülhün yaradılması məqsədilə Azərbaycan tərəfindən bütün ehtiyacı olan tədbirlər görülüb və görülür. Ancaq Ermənistan silahlı qüvvələri tərəfindən danışıqların pozulması, insanlığa qarşı olan silahlardan istifadəsi və mülki əhalinin davamlı şəkildə bombalaması faktları beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir”.

Share