İdarəetmə Sistemləri İnstitutu əməkdaşlarının beynəlxalq elmi bazada qeydiyyatı müzakirə olunub

12.03.2020 Off By admin

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda “AMEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı”ndan irəli gələn prioritet istiqamətlər, akademiyanın 75 illik yubileyi, institutun alimləri Abbas Rzayev və Rəna Əsədovanın “Neftin hasilatı, nəqli və hazırlanması proseslərində riyazi modelləşdirmə, ölçmə və idarəetmə” adlı monoqrafiyasına qrif verilməsi və elmi müəssisənin əməkdaşlarının “ResearchGate” beynəlxalq bazasında qeydiyyatdan keçməsi məsələləri müzakirə olunub.

İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik T.Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üzrə inkişaf proqramı”na uyğun olaraq elmi müəssisənin müəyyənləşdirdiyi prioritet istiqamətlərin, infrastrukturun modernləşdirilməsinin, optimallaşdırılmasının vacibliyini vurğulayıb, bununla bağlı tədbirlər planının hazırlanmasından söhbət açıb.

İclasda qarşıda duran məsələlərlə bağlı tədbirlər planı müzakirə edilib. İnstitutun Sosial-iqtisadi sistemlərin modelləşdirilməsi şöbəsinin rəhbəri, professor Qorxmaz İmanov və İdarəetmənin riyazi məsələləri laboratoriyasının rəhbəri, riyaziyyat üzrə elmlər doktoru İlqar Məmmədov müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, tədbirlər planına təkliflər səsləndiriblər.

Share