İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

23.07.2021 Off By admin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda da olub.

Dövlətimizin başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, ümumi uzunluğu 38 kilometr olan yol dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, bu gün də ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenilənməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam edir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət göstərilir. Bu cür yolların müasir səviyyədə inşası isə əhalinin rahatlığını təmin edən əsas sosial amildir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.

İnşasına 2014-cü ildə başlanılan bu kompleksin ərazisi 3 hektardan çoxdur. Sahəsi 9137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, mini futbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir. Eyni zamanda, cüdo, taekvondo, sambo, karate, kikboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulub.

Uzun illərdir ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət alıb. Ötən illər ərzində Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar açıb. Goranboyda istifadəyə verilən Olimpiya İdman Kompleksi də bu qəbildən icra olunan layihələr sırasında xüsusi yer tutur.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 200-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var. Burada, həmçinin güləş, boks, fitnes-trenajor, aerobika, gimnastika və rəqs zalları, şahmat otağı, konfrans zalı və digər otaqlar yaradılıb. Ərazidə üçmərtəbəli, 44 yerlik mehmanxana da fəaliyyət göstərəcək. Burada da idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var. Futbol stadionunun tribunası 1141 tamaşaçı yerlikdir. Bundan əlavə, iki mini futbol meydançası da qurulub. Voleybol-basketbol meydançası, həmçinin uşaq əyləncə meydançası yaradılıb. Kompleksdə fiziki imkanları məhdud idmançılar və tamaşaçılar üçün də müvafiq şərait yaradılıb.

Share