İnzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

14.03.2020 Off By admin

Martın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək.

İmtahana qeydiyyat fevralın 6-dan başlanıb və martın 13-ü saat 15-dək davam edib. Bu müddət ərzində 80 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

Qeyd edək ki, məlum infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, hər bir iştirakçı tibbi maska ilə təmin olunacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

Share