Malayziya diplomatı Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb

21.12.2019 Выкл. Автор admin

Malayziyanın Hindistandakı səfirliyinin müvəqqəti işlər vəkili ölkəsinin Baş Naziri Mahathir Bin Mohamadın Hindistanda qəbul olunan vətəndaşlıq haqqında qanunun yeni versiyası barədə dediyi sözlərə görə ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

ANİ agentliyinin verdiyi xəbərə görə Malayziya diplomatına Baş Nazirin səsləndirdiyi fikirlərə görə Hindistanın etirazı çatdırılıb. Malayziya Baş Nazirinin söylədiyi fikirlərin Hindistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilərək, bu cür addımların başqa ölkənin daxili işlərinə qarışmamaqla bağlı diplomatik təcrübəyə, habelə iki ölkə arasında münasibətlərə uyğun olmadığı bildirilib. Hindistan tərəfi Malayziyaya ikitərəfli münasibətlərdə uzunmüddətli və strateji mövqe tutmağı təklif edib.

Qeyd edək ki, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad yaşadığı ölkələrdə təqiblərə məruz qalan Cənubi Asiya ölkələrinin qeyri-müsəlman əhalisinin asan yolla Hindistan vətəndaşlığı əldə etmələrinə imkan verən yeni qanun barədə mənfi fikirlər səsləndirib. O, özünü dünyəvi dövlət adlandıran Hindistanın bu əməlinin müsəlmanlara qarşı ayrı-seçkilik yaratdığını deyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Share