Milli Aviasiya Akademiyasında illik “Fevral məruzələri” başlayıb

03.02.2020 Off By admin

 

Fevralın 3-də Milli Aviasiya Akademiyasında (MAA) V Beynəlxalq elmi-praktiki Gənclər konfransı-Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı-“Fevral məruzələri-2020” başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları Ulu öndərin büstü önünə əkil qoyduqdan sonra MAA-da avtomodelizmlə bağlı sərgi ilə tanış olublar.

Konfransın açılışında prorektor Ədalət Səmədov Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin və prorektor akademik Roald Saqdeyevin konfrans iştirakçılarına təbriklərini çatdırıb. O qeyd edib ki, konfransın proqramına universitetlər, elmi-tədqiqat institutu və təşkilatdan olan nümayəndələrin məruzələri daxildir. Artıq beşinci dəfədir keçirilən konfrans gənclərə elmi müzakirələrdə iştirak etməyə, elmi mərkəzlərlə tanış olmağa və yeni əlaqələr qurmağa imkan yaradır. Üç gün davam edəcək konfrans çərçivəsində 8 bölmə üzrə mülki aviasiya və kosmik sahənin aktual problemlərinə həsr olunan məruzələr dinləniləcək. Konfrans çərçivəsində, həmçinin təyyarəqayırma, mühəndis dizaynı sahəsində müasir informasiya texnologiyaları, elmi-tədqiqat işlərinə gənclərin cəlb edilməsinə müasir yanaşmalar, hava nəqliyyatında təhlükəsizlik sahələrində Rusiya və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə dəyirmi masalar keçiriləcək.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, bu gün aviasiya və kosmik elm həyatımızın reallıqlarıdır. Kosmos dövlətinə çevrilmiş Azərbaycanın bu sahədə yüksək ixtisaslı kadrları məhz Milli Aviasiya Akademiyasında hazırlanır. Bu cür elmi-təhsil mərkəzləri qarşısında qoyulan bütün tələblərə cavab verən bu ali məktəb Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə akademik Arif Paşayevin təşəbbüsü ilə yaradılıb. Akademik Arif Paşayev və dünyaşöhrətli alim Roald Saqdeyev Azərbaycanda aerokosmik elmin inkişafı üçün böyük işlər görürlər. Nazir müavini MAA-da elm, təhsil və istehsalın bir-biri ilə çox uğurlu şəkildə əlaqələndirilməsini vurğulayaraq deyib ki, bu ali məktəbin alimlərinin tədqiqatları bir sıra elmi dairələrin diqqətini cəlb edir. F.Qurbanov akademiyanın rektoru Arif Paşayevə akademiyada təhsil prosesinə dünyaşöhrətli alimləri cəlb etdiyinə görə təşəkkürünü bildirib.

Sonra Rusiyanın Sankt-Peterburq şəhərindən TRİZ ustalar assosiyasının prezidenti Mixail Rubin və Almaniyada yaşayan professor Məsud Əfəndiyev video bağlantı vasitəsi ilə konfrans iştirakçılarına təbriklərini çatdırıblar. Qeyd ediblər ki, konfrans çərçivəsində gənclər arasında maraqlı elmi diskussiyalar və müzakirələrlə yanaşı, riyaziyyat və fizika, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı mütəxəssislərin ustad dərsləri onların elmi məlumatlarını artıracaq.

AMEA-nın fizika institutunun direktoru akademik Nazim Məmmədov və Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev çıxış edərək vurğulayıblar ki, Azərbaycanda təhsilin inkişafı üçün qanunvericilik bazası yaradılıb. Ölkə rəhbərliyi tərəfindən bu sahəyə göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq böyük uğurlar qazanılıb.

Konfransda üç müxtəlif aktual mövzular ətrafında dəyirmi masa və ustad dərsləri keçilir. Qeyd edək ki, konfrans üç gün davam edəcək.

 

 

Share