Özbəkistan və Qırğızıstan mətbuatı Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri ilə bağlı materiallar yayıb

Özbəkistan və Qırğızıstan mətbuatı Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri ilə bağlı materiallar yayıb

25.12.2020 Выкл. Автор admin

Özbəkistanın “interpress.uz” və Qırğızıstanın “turktoday.info” portalları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfərləri ilə bağlı AZƏRTAC-ın materialını rus dilində çap edib.

Portallar yazır ki, Prezident və birinci xanım əvvəlcə Qubadlı rayonunda olub. İlham Əliyev dağıdılan kəndlərin, tarixi və dini abidələrin bərpa olunacağını, düşmənin isə bu cinayətlərə görə cavab verəcəyini deyib.

Özbəkistanın “interfax.uz”, “azon.uz” portalları Prezidentin dağıdılan Zəngilan məscidinin qarşısındakı çıxışı haqqında da məlumat verib və dövlət başçısının sözlərindən sitat gətirib: “Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib”.

Qırğızıstanın “goldenbridgenews.com” portalı Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Ali Baş Komandan İlham Əliyev Azərbaycanın tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi düşüb” sərlövhəli məqaləsini də yayıb. Materialda İlham Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilir, Qarabağda Vətən müharibəsinin başlanması və 44 gün ərzində rayon və kəndlərimizin, strateji yüksəkliklərin azad olunması, qədim Şuşa şəhərinin işğalçılardan təmizlənməsindən söhbət açılır.

Yazıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanatı haqqında da məlumat verilir, bu sənədə əsasən atəşkəs elan olunduğu bildirilir.

Share