Polis Akademiyasını bitirən 41 nəfər Bakı polisində işə qəbul olunub

Polis Akademiyasını bitirən 41 nəfər Bakı polisində işə qəbul olunub

16.07.2019

10:40

İyulun 15-də Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasının əyani  şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

DİN-dən APA-ya verilən xəbərə görə, nazir, general-polkovnik Vilayət Eyvazov iştirakçıları əlamətdar hadisə – zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb.

Daxili işlər naziri ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 41 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan etmişdir.

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkmiş və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.

Yeri gəlmişkən, Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş               5 məzundan 1-i  Nazirliyin Baş Təşkilat-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Baş Kadrlar İdarəsinə, 2 nəfər isə müstəntiq vəzifələrinə təyin ediliblər.

Tədbirə yekun vuran Daxili işlər naziri gəncləri şərəfli olduğu qədər yüksək məsuliyyət, işgüzarlıq, mükəmməl nəzəri bilik və praktik bacarıq tələb edən orta rəis heyəti vəzifələrinə təyin olunmaları münasibətilə bir daha təbrik edib, konkret tapşırıq və tövsiyələrini verib. Nazir gənc zabitlərə polis adını uca tutmalarını, öz üzərlərində işləyərək bilik və təcrübələrini daim artırmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda, Vətənə sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email