Prezident İlham Əliyev: Azərbaycan pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayır

Prezident İlham Əliyev: Azərbaycan pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayır

22.12.2020 Выкл. Автор admin

Azərbaycan pandemiya dövründə də iqtisadi sahədə yaxşı nəticələr göstərir. Təkcə onu demək kifayətdir ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Yəni, onların daxili maliyyə resursları imkan vermir ki, lazım olan işlər görülsün. Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq. Onu da bildirməliyəm ki, biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq.

“İlham Əliyev. İnkişaf — məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 103-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin Tibbi Maska Fabrikinin və Tikiş Fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılış mərasimindəki çıxışından götürülüb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin may-iyun aylarını əhatə edir.

Yeni kitabda Prezident İlham Əliyevin Rusiyanın TASS İnformasiya Agentliyinə və “Natsionalnaya oborona” jurnalına müsahibələri, Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava və bank rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda, paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıtda və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan mobil tipli xəstəxanaların açılışı mərasimlərində çıxışlarının mətnləri toplanılıb.

Nəşrdə dövlət başçısının Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılış mərasimindəki çıxışı, Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsi də yer alıb. Həmçinin yeni kitaba Prezident İlham Əliyevin Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan prezidentləri ilə telefon danışıqlarına dair informasiyalar, bir sıra dövlət başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə məktubları daxil edilib.

Bu cilddə oxucular Azərbaycan Prezidentinin Şamaxı, Tərtər, Ağdam və Ağcabədi rayonlarına səfərləri zamanı infrastruktur obyektlərinin, o cümlədən “ASAN xidmət” mərkəzlərinin, mədəniyyət müəssisələrinin, xəstəxanaların açılışı, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla da tanış ola bilərlər.

Dövlətimizin başçısı bütün görüşlərində və apardığı danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini və digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb.

“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 103-cü kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Share