Şəhidlik İslam dinində ən yüksək zirvədə dayanır

Şəhidlik İslam dinində ən yüksək zirvədə dayanır

06.09.2019

18:20

Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daxili Qoşunların Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən hərbi hissə komandiri Zəfər Əliyev Komitənin hərbi hissələrdə vətənpərvərlik mövzusunda təşkil etdiyi maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib. Zəfər Əliyev müstəqilliyə gedən yolda çoxlu sayda şəhid və qazilərimizin olduğunu və şəhidliyin İslam dinində ən yüksək zirvədə olduğunu qeyd edib. Hərbi hissə komandiri Azərbaycan əsgərinin gücündən, Vətəninə, xalqına, üç rəngli bayrağına olan sevgisindən danışıb, hər zaman döyüş əzmində olduqlarını və Ali Baş Komandanın irəli əmrini gözlədiklərini bildirib.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev hər bir xalqın gələcəyə olan ümidlərinin gənclər olduğunu və buna görə də gənclərin vətənpərvər ruhda yetişdirilməsinin ölkə üçün vacibliyini bildirib. Natiq Əfəndiyev vətənpərvərliyin insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaratdığını, aparılan mübarizədə inam hissini gücləndirdiyini vurğulayıb. Natiq Əfəndiyev çıxışında dini radikalizmdən danışaraq qeyd edib ki, dini radikalizmin yaranmasının əsas səbəbi dini məsələlərə siyasi don geydirilməsi və dini bilikləri az olan insanlara təsir etməklə onların öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırılmasıdır. Şöbə müdiri hər bir şəxsin sərbəst şəkildə ibadət etmək, dini ayinləri icra etmək hüquqlarının olduğunu, ancaq bu hüquqlardan sui-istifadəyə qanunla yol verilmədiyini vurğulayaraq gəncləri radikal dini təsirlərdən uzaq durmağa səsləyib.

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli Azərbaycan xalqının tarix boyu başına gətirilən müsibətlərdən danışıb, müstəqilliyə gedən yolda ağır itkilər verdiyimizi, ancaq heç zaman mübarizə ruhumuzu itirmədiyimizi diqqətə çatdırıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email