Seul aeroportundan 2003-cü ildən bəri ilk dəfə beynəlxalq uçuş həyata keçirilməyib

13.03.2020 Off By admin

Cənubi Koreyanın paytaxtı Seulun Kimpo hava limanında 2003-cü ildən bəri ilk dəfə martın 12-də koronavirus epidemiyasına görə beynəlxalq uçuş həyata keçirilməyib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, epidemiyadan əvvəl Kimpo hava limanından gün ərzində 5 müntəzəm beynəlxalq uçuş həyata keçirilirdi. Epidemiya Cənubi Koreyada yayılmağa başlayandan sonra bu uçuşların sayı ikiyə endirilib. Kimpo aeroportundan “Çin Şərq Hava Yolları” şirkətinin həyata keçirdiyi Şanxay-Seul-Şanxay və “Çin Cənub Hava Yolları” şirkətinin Pekin-Seul-Pekin uçuşları martın 12-də reallaşmayıb. Hər iki uçuşun ləğvi barədə qərarı şirkətlərin özü verib. Beynəlxalq uçuşlardan fərqli olaraq daxili uçuşlar cədvəl üzrə həyata keçirilib.

Qeyd edək ki, Cənubi Koreya Çin, İtaliya və İranın ardından yeni tip koronavirusun (COVID-19) ən çox yayıldığı ölkələrdən biridir. Son məlumata əsasən, ölkədə virusa yoluxanların sayı 7869, ölənlərin sayı isə 67 nəfərdir. İndiyədək 333 nəfər sağalaraq evə yazılıb. Ölkədə ümumilikdə 227 min 129 nəfərin koronavirusla əlaqədar analizləri götürülüb ki, onlardan da 209 min 402 nəfərində test nəticələri mənfi olub. Hazırda karantində olan 17 min 727 nəfərin analizlərinin cavabları gözlənilir

Share