«SOCAR Türkiyə»ni ən yüksək rəqəmsal yetkinlik səviyyəsinə çatdırmağı məqsəd qoymuşuq (MÜSAHİBƏ)

«SOCAR Türkiyə»ni ən yüksək rəqəmsal yetkinlik səviyyəsinə çatdırmağı məqsəd qoymuşuq (MÜSAHİBƏ)

03.03.2021 Выкл. Автор admin

«SOCAR Türkiyə» şirkətinin Rəqəmsal Transformasiya bölməsinin rəhbəri Hakan İrqıtın Trend-ə müsahibəsi

— «SOCAR Türkiyə»də rəqəmsallaşma prosesi hazırda hansı mərhələdədir?

— Türkiyədəki investisiyalarını bir-birinə inteqrasiya olunmuş şəkildə planlaşdıran qrupumuzun əsas prioritetlərindən birini informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində reallaşdırdığı və reallaşdıracağı layihələr təşkil edir. «SOCAR Türkiyə» olaraq 2018-ci ildə «Petkim»lə başlayan rəqəmsal transformasiyamız bu gün qrupumuzun bütün şirkətlərini əhatə edərək davam etdirilir.

2018-2019-cu illərdə, xüsusilə emal və neft-kimya sahəsində başlayan rəqəmsallaşma prosesi İzmirin Əliağa bölgəsindəki fabriklərimizdə ciddi nəticələr verdi. Böyük məlumat bazasının istifadəsinə imkan verən süni intellekt və maşın öyrənmə alqoritmləri vasitəsilə əməliyyat prosesində və məhsuldarlıq göstəricilərində əhəmiyyətli dərəcədə artım müşahidə olundu. Bu gün Əliağada bütün iş proseslərinin bir-birinə inteqrasiyasını nəzərdə tutan bir idarəçilikdən söhbət gedir. «Petkim» və STAR neft emalı zavodu istehsal, planlaşdırma, optimallaşdırma və satış kimi bütün əməliyyat proseslərini güclü informasiya texnologiyaları infrastrukturları ilə davam etdirməkdədir.

Bildiyiniz kimi 2020-ci ildə pandemiya ilə birlikdə bütün dünyada yeni bir mərhələ başladı. Mart ayında Türkiyəni təsiri altına alan COVID-19 virusuna baxmayaraq İnformasiya Texnologiyaları inteqrasiya işlərimizi davam etdirdik. Ancaq pandemiya və neft sektorundakı dalğalanmaları təkrar qiymətləndirərək 2020 və sonrakı illər üzrə planlarımızı nəzərdən keçirdik. Məsafədən fasiləsiz və məhsuldar iş infrastrukturumuzu gücləndirəcək sahələrə yönəlmiş investisiyalarımızı artırdıq. Dərhal artan iş yükü və infrastruktur ehtiyaclarına daha tez reaksiya verə bilmək üçün «bulud» texnologiyalarından daha səmərəli yararlanmağa başladıq. Əməkdaşlarımızın əməliyyat yüklərini azaldaraq strateji fəaliyyətlərə daha çox diqqət ayırmaq məqsədilə Robot Proses Avtomatlaşması (RPA) adlandırdığımız rəqəmsal köməkçiləri işə saldıq. Bu rəqəmsal köməkçilər böyük həcmli işləri bizim yerimizə görməyə başladı.

Əməliyyat texnologiya qruplarımızın işi sayəsində daha əvvəl xarici mütəxəssislərin köməyi ilə reallaşdırılan bəzi texniki əməliyyatlarda və «Advanced Process Control» (APC) sistemlərində mütəxəssislərin məsafədən sahəyə çıxışı təmin olunmaqla əməliyyatlar problemsiz şəkildə reallaşdırıldı və beləliklə, dünyada ilk məsafədən APC funksiyası nümunələrindən birini həyata keçirmiş olduq.

APC funksiyasının işə salınması kimi bizim üçün böyük əhəmiyyət daşıyan layihələrin pandemiyanın səbəb olduğu çətinliklərə baxmayaraq vaxtında və problemsiz icra olunması sahədə ola bilməyən əməliyyat işçilərinin zəruri prosesləri izləyə biləcəkləri ekranlara daşınması ilə təmin olundu və beləliklə, optimallaşdırmaya yönəlmiş yol xəritəmiz işini dayandırmadı. Rəqəmsal həllər və qrupların məhsuldar işi əməliyyat davamlılığımızı COVID-19 məhdudiyyətlərinin təsirindən qorudu.

Bir sözlə, texnoloji və rəqəmsal sahədəki bütün qruplarımızın sinxron fəaliyyəti sayəsində bütün bölmələrimizə lazım olan məsafədən iş infrastrukturu və vasitələri təmin olundu.

— Qrup şirkətlərinizin bu il rəqəmsallaşması ilə bağlı planlarınız nələrdir?

— «SOCAR Türkiyə»nin bütün qrup şirkətlərində Sənaye 4.0 prinsiplərini və ən yaxşı tətbiqləri rəhbər tutaraq rəqəmsal transformasiyaya imkan verən bir çox layihələri həyata keçiririk. Sənaye 4.0-a aid bütün iş sistemlərimizin rəqəmsal texnologiyalarla inteqrasiya olunduğu və mərkəzində «rəqəmsal fabrik» və «rəqəmsal işçi» anlayışlarını qoyduğunu proses idarəçiliyi kimi baxırıq. Bu baxımdan Sənaye 4.0 bütün mərhələlərdə mütərəqqi analitik tətbiqlər və süni intellekt istifadəsini geniş yaydığımız, artırılmış və virtual reallıq texnologiyalarını istehsal, müşahidə, təhsil və əmək təhlükəsizliyi kimi proseslərə daxil etdiyimiz bir strukturu formalaşdırır.

Eyni zamanda Sənaye 4.0 böyük məlumat bazasının istifadəsinə imkan verən süni intellekt və maşın alqoritmləri vasitəsilə qüsursus qərarvermə mərhələsinə çatdığımız, əməliyyatda mükəmməlliyi, istehsalatda isə məhsuldarlığı təmin etdiyimiz bir strukturu ifadə edir. Qarşıdakı dövrlərdə Robot Proses Avtomatlaşmasını daha geniş bir şəkildə istifadə etməyi planlaşdırırıq. Bu sahədə proses avtomatlaşması ilə yanaşı süni intellektin istifadəsi kimi texnologiyalar və inkişaf sahələri diqqət mərkəzindədir. Bunlara əlavə olaraq əşyaların interneti, blokçeyn reallığı, mobillik kimi sahələrdə yarana biləcək imkanlardan da yararlanmaq niyyətindəyik.

Share