Ülvi Mehdiyev: ASAN Beynəlxalq Assosiasiyasına yeni ölkələrin üzv olması gözlənilir

14.03.2020 Off By admin

ASAN Beynəlxalq Assosiasiyasına yeni ölkələrin üzv olması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentliyin sədri bildirib ki, ötən ilin iyununda ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı 8 ölkə arasında Niyyət Protokolu imzalanıb. Dekabrın 24-də isə Bakıda həmin assosiasiyanı təsis edən ölkələrin nazirləri səviyyəsində Nizamnamənin razılaşdırılması ilə əlaqədar görüş keçirilib. Nizamnamə işçi qaydada razılaşdırılıb və hazırda hər bir ölkənin daxili hüquqi ratifikasiya prosesindən keçir. Ratifikasiya prosesi ölkələrə görə fərqlidir. Çünki Nizamnamə bəzi ölkələrdə hökumət, bəzi ölkələrdə parlament tərəfindən ratifikasiya olunmalıdır. Hazırda Nizamnamənin üzv ölkələrdə təsdiqi ilə bağlı hüquqi prosedur davam edir. İnanırıq ki, bu il bütün prosedurları yekunlaşdıraraq assosiasiyanın fəaliyyətə başlamasının şahidi olacağıq. Assosiasiyaya yeni ölkələrin də qoşulması gözlənilir. Qurum yaradılandan sonra digər ölkələrin də üzv olması məsələsinə baxılacaq.

Qeyd edək ki, keçən il iyunun 24-dən 26-dək Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Həmin forum çərçivəsində Azərbaycanın təşəbbüsü ilə ölkələrin hüquqi xidmətlər göstərən dövlət orqanlarının assosiasiyasının yaradılması irəli sürülüb. Bu təşəbbüsə Azərbaycan da daxil olmaqla 8 ölkə qoşulub. Nəticədə dövlət xidmətləri göstərən dövlət qurumlarının Beynəlxalq ASAN Assosiasiyasının yaradılması ilə bağlı Niyyət Protokolu imzalanıb.

Share